Böyük Britaniyada 10 uşaq anası olan qadının evində bir qadını 25 il qul kimi saxladığı məlum olub. Bu barədə The Independent nəşri yazıb.
Məlumata görə, Amanda Uikson adlı britaniyalı qadının evində əsir saxlanılan şəxs barədə polisə ev sahibinin oğlu məlumat verib. Polis evə baxış zamanı otaqlardan birində çox zəifləmiş qadın tapıb, otaq isə “həbs kamerası” kimi təsvir edilib.
Araşdırma nəticəsində məlum olub ki, zərərçəkmiş qadın Uiksonun 10 uşağı ilə birlikdə həmin evə köçdükdən sonra 25 il ərzində faktiki olaraq qul vəziyyətində saxlanılıb. Onu evi təmizləməyə məcbur ediblər, yemək və yuyunmaq imkanından məhrum ediblər. Qadın qalıq yeməklərlə qidalanıb və gigiyena qaydalarına əməl edə bilməyib.
Bundan əlavə, ona qarşı fiziki zorakılıq tətbiq olunub – qadını süpürgə ilə döyüblər, dişlərini sındırıblar. Həmçinin onun boğazına qab yuyan maye töküblər, üzünə ağardıcı maddə səpiblər və bir neçə dəfə başını qırxıblar.
Evdə yaşayan Uiksonun uşaqları da ağır şəraitdə böyüyüb. Onların məktəbə getmədiyi, dişlərinin çürüdüyü və bit problemi yaşadıqları bildirilib.
Amanda Uikson ittihamları qəbul etməsə də, məhkəmə qərarı ilə həbs edilib.
Hazırda illərlə əsir saxlanılan qadın başqa bir ailənin yanında yaşayır və kollecdə təhsil alır.

