Hörmüz boğazında neft tankeri dəniz minasına düşərək alovlanıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəminin Tehran tərəfindən müəyyən edilmiş tranzit qaydalarını pozduğunu bildirib.
Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, tanker Hörmüz boğazından keçərkən avtomatik identifikasiya sistemini (AIS) söndürüb. İran tərəfi bunun ölkənin müəyyən etdiyi tranzit qaydalarının pozulması olduğunu bildirib.
Qeyd edək ki, bir gün əvvəl İran mediası Hörmüz boğazının cənub hissəsində başqa bir tankerin də dəniz minasına düşməsi barədə məlumat yaymışdı.
SEPAH xəbərdarlıq edib ki, Hörmüz boğazı və Fars körfəzindən keçən gəmilərin naviqasiya və identifikasiya sistemlərini söndürməsi onlara qarşı “sərt və qətiyyətli tədbirlər” görülməsi üçün əsas sayılacaq.

