Çinin Tibet Muxtar Rayonunda baş verən 7 bal gücündə zəlzələ nəticəsində azı 16 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.
Bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Tibet Muxtar Rayonunun Naqçu şəhərinin Baçen qəzasında qeydə alınıb.
Cümə gününə keçən gecə açıqlanan məlumatlara görə, yaralılardan 11-nin vəziyyəti ağırdır, 21 nəfər isə yüngül xəsarət alıb.
Zəlzələ nəticəsində 300-dən çox ev dağılıb.
Hazırda təbii fəlakətin vurduğu ziyanın qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Fəlakət bölgəsinə 300-dən çox polis əməkdaşı göndərilib. Bundan başqa, regional yanğınsöndürmə və xilasetmə xidməti zərər çəkmiş ərazilərə 347 əməkdaşını səfərbər edib.

