Oman sahilləri yaxınlığında tankerdə partlayış baş verib. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi UKMTO məlumat yayıb.
Qurumun məlumatına görə, hadisə Maskatdan təxminən 60 dəniz mili, yəni 111 kilometr şərqdə baş verib. Məlumat gəminin kapitanı tərəfindən daxil olub.
“UKMTO Omanın Maskat şəhərindən 60 dəniz mili şərqdə insident barədə məlumat alıb. Tankerin kapitanı bildirir ki, gəminin arxa hissəsində, sol bort tərəfdə, su xəttinə yaxın ərazidə xarici partlayış baş verib”, — məlumatda qeyd olunub.
Hadisə nəticəsində dənizə müəyyən miqdarda yanacaq sızıb. Bununla belə, ekipajın və gəminin təhlükəsizlikdə olduğu bildirilir.

