Bu gecə Rusiya Ukraynaya kütləvi raket zərbəsi endirib. Hücumun əsas hədəfi yenidən Kiyev olub.
Kiyev meri Vitali Kliçkonun məlumatına görə, hücum nəticəsində 4 nəfər həlak olub, daha 51 nəfər yaralanıb.
Şəhərdə çoxsaylı zərbə və yanğınlar qeydə alınıb. Yaşayış binaları, poliklinika, yanacaqdoldurma məntəqəsi, anbarlar və qeyri-yaşayış obyektləri zədələnib. Podolsk rayonunda doqquzmərtəbəli binanın bir hissəsi uçub.
Səhər saatlarında Kiyev yanğınlardan qalxan tüstüyə bürünüb. Minlərlə sakin gecəni metroda keçirməli olub.
Moskva daha əvvəl bildirmişdi ki, bu zərbə Starobelskdəki yataqxanaya hücuma cavab olacaq. Həmin hücum nəticəsində 21 nəfərin öldüyü bildirilirdi. Rusiya Prezidenti Vladimir Putin “cəzanın qaçılmazlığı” barədə danışmışdı. Kiyev isə mülki obyektə zərbə endirdiyini inkar edir.

