İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən ayrılıb. Bu barədə İtaliya Futbol Federasiyası (FIGC)-nın saytında məlumat verilib.
Bildirilib ki, müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv olunub.
“FIGC Qattuzoya və onun məşqçi heyətinə son 9 ay ərzində göstərdikləri peşəkarlıq, fədakarlıq və işə yanaşmalarına görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayır.”
Qattuzo 2025-ci ilin yayında İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.
İtaliya millisi Bosniya və Herseqovinaya qarşı pley-off finalında (1:1, penaltilər — 4:1) məğlub olaraq Dünya Çempionatına vəsiqə qazana bilməyib. Oyunun ilk hissəsinin sonlarında müdafiəçi Alessandro Bastoni qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və komanda azlıqda qalıb.
Bu, İtaliya millisinin ardıcıl 3-cü dəfə Dünya Çempionatının final mərhələsinə çıxa bilməməsidir.
Futbol üzrə Dünya Çempionatı ABŞ, Kanada və Meksikada 11 iyun — 19 iyul tarixlərində keçiriləcək. Bu turnir tarixdə ilk dəfə olaraq 48 komandanın iştirakı ilə baş tutacaq.
Bir sıra KİV-lər İranın ABŞ və İsrail ilə münaqişə səbəbilə çempionatda iştirakdan imtina edə biləcəyi halda, Rusiya millisinin “wild card” ala biləcəyini iddia edirdi. Lakin sonradan İran millisi oyunların ABŞ ərazisindən Meksikaya keçirilməsi ilə bağlı FİFA ilə danışıqlara başlayıb.

