UFC Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Baku City Circuit ilə 2028-ci ilə qədər uzunmüddətli əməkdaşlıq sazişi imzalayıb.
Sənədə əsasən, Bakıda hər il UFC Fight Night turnirlərinin keçirilməsi nəzərdə tutulur. İlk turnirin 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacağı bildirilir.
UFC prezidenti Deyna Uayt yerli azarkeşlərin idmana göstərdiyi yüksək marağı qeyd edərək, Bakını beynəlxalq tədbirlərin keçirilməsi üçün ən yaxşı şəhərlərdən biri adlandırıb.
Gənclər və idman naziri Fərid Qayıbov isə bildirib ki, bu əməkdaşlıq Azərbaycanın beynəlxalq idman mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.
Baku City Circuit nümayəndələri də turnirlərin şəhərə turist axınını və marağı artıracağını, yarışların paytaxtın illik idman təqviminin bir hissəsinə çevriləcəyini qeyd ediblər.

