Sumqayıt Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş ASED-16 peşəkar döyüş turniri keçirildi. Turnir Azərbaycan idmanının inkişafında mühüm rol oynamış ümummilli liderin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilmişdi.
Yüksək səviyyədə təşkil olunmuş bu idman tədbiri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun dəstəyi ilə baş tutdu. Onun idmana və gənclərə göstərdiyi diqqət və qayğı, şəhərdə belə mötəbər yarışların keçirilməsinə zəmin yaradır.
Turnirdə ümumilikdə 11 nəfəs kəsən döyüş keçirildi. Rinqdə peşəkar döyüşçülər öz güclərini və bacarıqlarını nümayiş etdirdilər. Turnir yalnız Sumqayıt deyil, həmçinin ölkənin müxtəlif bölgələrindən – Bakı, Şəmkir, Qəbələ, Ağstafa, Abşeron, Ələt və Lökbatan kimi bölgələrdən gəlmiş idmançıların iştirakı ilə daha da rəngarəng keçdi. Bu, turnirin miqyasını və əhəmiyyətini bir daha ortaya qoydu.
Döyüşlər əsasən böyüklər kateqoriyasında keçirildi və hər qarşılaşma yüksək peşəkarlıq və mübarizə ruhu ilə yadda qaldı. Peşəkar idmançılar arasında keçirilən döyüşlər reytinq xarakteri daşıyırdı və qalib gələn idmançılar öz reytinq xallarını artırmaq imkanı qazandılar. Bu da onların gələcək beynəlxalq turnirlərdə daha yüksək pillələrdə yer alma ehtimalını artırır.
ASED-16 turniri həm idmançılar, həm də azarkeşlər üçün unudulmaz idman bayramına çevrildi. Rinqdə nümayiş etdirilən döyüşlər Azərbaycan gəncliyinin güclü fiziki hazırlığı, iradəsi və döyüş ruhunu bir daha nümayiş etdirdi. Turnir eyni zamanda ölkəmizdə döyüş idman növlərinə artan marağın və inkişaf edən peşəkar idman sisteminin bariz nümunəsidir.
Sumqayıt şəhərində belə mötəbər idman tədbirlərinin keçirilməsi gənclərin sağlam həyat tərzinə, idmana olan marağının artırılmasına, eləcə də şəhərin idman mərkəzi kimi tanınmasına xidmət edir.