Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu AFC Çempionlar Liqası 2 turnirinin gümüş medalını almaq üçün mükafatlandırma mərasiminə çıxmaqdan imtina edib.
Final matçında Səudiyyə klubu Yaponiyanın “Qamba Osaka” komandasına məğlub olub. Ər-Riyadda yerləşən “Kingdom Arena” stadionunda keçirilən görüş 0:1 hesabı ilə başa çatıb. Oyunda yeganə qolu 30-cu dəqiqədə Denis Hummet vurub.
Ronaldu matça start heyətində çıxsa da, məhsuldar hərəkətlə yadda qalmayıb.
Mükafatlandırma mərasiminə komandanı baş məşqçi Jorje Jezuş çıxarıb. Lakin komandanın kapitanı olan Ronaldu mərasimdə iştirak etməyib.
Bu, “Əl-Nəsr” üçün son günlərdə əldən verilən ikinci titul olub. Mayın 12-də klub “Əl-Hilal” ilə heç-heçə oynayaraq Səudiyyə Ərəbistanı çempionatını vaxtından əvvəl qazanmaq imkanını qaçırmışdı.
Fevralda isə Ronaldu klub rəhbərliyindən narazılığı səbəbindən “Əl-Nəsr” matçlarını boykot etmişdi. Futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun, yəni PIF-in klubu idarə etməsindən narazı idi. KİV-in məlumatına görə, Ronaldu hesab edir ki, fond onun komandasına digər nəzarətində olan klublarla, xüsusilə “Əl-Hilal” ilə müqayisədə daha az diqqət və resurs ayırır. Daha sonra o, komandanın heyətinə qayıtmışdı.

