Avropa Parlamentinin deputatları FİFA prezidenti Canni İnfantino barəsində araşdırma aparılmasını tələb ediblər.
Politico nəşrinin rəsmi müraciət mətninə istinadən məlumatına görə, buna ABŞ millisinin futbolçusu Folarin Baloqunun qırmızı vərəqəsi ilə bağlı qərarın yenidən nəzərdən keçirilməsi səbəb olub.
Məlumata əsasən, qalmaqala səbəb ABŞ Prezidenti Donald Trampın futbolçunun diskvalifikasiyasının ləğvi ilə bağlı şəxsi xahiş etdiyi barədə iddialardır.
Avropanın 27 futbol assosiasiyasına göndərilən məktubun müəllifi “Yeniləşən Avropa” fraksiyasının deputatı Barri Endryus olub. O, müraciətində pley-off mərhələsində intizam cəzaları ilə bağlı qaydaların dəyişdirilməsinin presedentsiz addım olduğunu və bunun ədalətli oyun prinsiplərini pozduğunu bildirib.
Məktubda qeyd olunur ki, Avropa futbol federasiyaları FİFA-nın yüksək vəzifəli rəsmilərinin məsuliyyətə cəlb olunmasını tələb etməlidir.
Hadisə ABŞ millisinin Bosniya və Herseqovinaya qarşı keçirdiyi 1/16 final matçında baş verib. Baloqun müdafiəçi Tarik Muharemoviçlə təmasdan sonra rəqibinin ayağının arxa hissəsinə butsunun altı ilə zərbə endirib və dərhal meydandan qovulub.
Daha sonra bu qərar yenidən nəzərdən keçirilib. Mənbələr həmin dəyişikliyi ABŞ liderinin birbaşa müraciəti ilə əlaqələndirirlər.

