Azərbaycanın gənclərdən ibarət cüdo millisi Skopyedə keçirilən Avropa Kubokunu 7 medalla başa vuraraq komanda hesabında üçüncü yeri tutub.
Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, yarışın son günündə millimizin aktivinə iki qızıl və dörd bürünc medal yazılıb.
57 kq çəki dərəcəsində Xədicə Qadaşova və 100 kq-dək çəkidə Davud Namazlı bütün görüşlərində qalib gələrək qızıl medal qazanıblar.
Nərgiz Əhmədova və Gülgəz Musayeva (48 kq), Aytən Verdiyeva (57 kq) və Canpolad Əliyev (100 kq) isə bürünc medala sahib olublar.
Azərbaycanın daha bir bürünc medalını yarışın ilk günündə 63 kq çəki dərəcəsində çıxış edən Nilgün Rzayeva qazanıb.
Turnirdə 33 ölkənin idmançıları iştirak edib. Azərbaycan millisi ümumilikdə 2 qızıl və 5 bürünc medalla komanda hesabında üçüncü olub.

