Mehdiabad Boks Mərkəzində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Mehdiabad qəsəbəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş boks üzrə klublararası turnir keçirilib.
Abşeron Rayon İcra Hakimiyyəti və Mehdiabad Boks Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, məşqçilər, idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Əməkdar məşqçi Samir Həsənov Anım Gününün əhəmiyyətindən danışaraq şəhidlərin xatirəsinin daim yaşadılmasının, onların göstərdiyi qəhrəmanlığın gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb. O, şəhidlərin adının idman tədbirlərində yaşadılmasının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verdiyini qeyd edib.
Daha sonra Mehdiabad qəsəbə icra nümayəndəsi və bələdiyyə sədri çıxış edərək 27 Sentyabr – Anım Gününün xalqımız üçün mənəvi əhəmiyyətindən bəhs edib, şəhidlərin həyat və mübarizəsinin gələcək nəsillər üçün örnək olduğunu bildiriblər.
Turnirdə ümumilikdə 17 komanda və 135 idmançı iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda komanda hesabında Mehdiabad Boks Mərkəzi I yerə layiq görülüb.
Qaliblər və fərqlənən idmançılar diplom və mükafatlarla təltif olunublar.
Turnirin keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək, gənclər arasında boks idmanını təbliğ etmək və yeniyetmə idmançıların vətənpərvərlik ruhunda yetişməsinə töhfə vermək olub.

