Abşeron rayonunda Vətən müharibəsi şəhidi Rauf İbadovun əziz xatirəsinə həsr olunan anım tədbiri eləcədə şəhidin adına çıxarılan haqq rassamı adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbir Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində reallaşıb. Tədbirdə Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib və onların əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbiri giriş nitqi ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqdan danışaraq, Rauf İbadov kimi şəhidlərin vətən naminə canından keçməsinin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd edib. O, çıxışında şəhidlərin qanı bahasına əldə edilən Zəfərin əbədiləşdirilməsinin və onların xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıb.
Tədbir zamanı şəhid Rauf İbadovun döyüş yolunu və qəhrəmanlığını əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxda onun cəbhədə göstərdiyi igidlik, əsgər və zabit yoldaşlarının onun haqqında söylədikləri fikirlər, həmçinin ailəsinin duyğularına geniş yer verilib. Eləcədə şəhidin adına çıxarılan haqq rassamı adlı kitabın təqdimatı olub.
Daha sonra çıxış edənlər – xalq şairi və yazıçı Baba Vəziroğlu, şəhidin atası Məhərrəm İbadov və şəhid Elçin Həsənlinin anası , Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri Xatirə İsmayılova da Rauf İbadovun və digər şəhidlərimizin qəhrəmanlığı barədə ürək sözlərini bölüşüblər. Onlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən igid övladlarımızın daim yaddaşlarda yaşayacağını bildiriblər.
Tədbirdə digər çıxış edənlər də 44 günlük Vətən müharibəsində Azərbaycanın göstərdiyi rəşadətdən və qazandığı tarixi Qələbədən bəhs ediblər. Onlar qeyd ediblər ki, bu Qələbə məhz şəhidlərin fədakarlığı və ordumuzun şücaəti sayəsində mümkün olub.
Tədbirin sonunda xüsusi və emosional anlar yaşanıb. Belə ki, şəhid Hüseynov Rəhim Qədir oğlunun oğlu Fikrət Hüseynovun, şəhid Paşayev Elsevər Vaqif oğlunun övladı Nəzrin Paşayevanın və şəhid Salamanov Azər Vəfadar oğlunun anası Zahidə xanımın doğum günləri tədbir iştirakçıları tərəfindən təbrik olunub. Onlara gül dəstələri təqdim olunaraq, şəhid ailələrinə göstərilən mənəvi dəstəyin bir nümunəsi olaraq hörmət ifadə edilib.
Eyni zamanda tədbirdə iştirak edənlər şəhid Ələkbərov Əlinin övladlarının Türkiyədə keçirilən olimpiadalarda qazanmış olduqları qızıl medal münasibətilə də təbrik olunublar. Bu uğurlar şəhid ailələrinin həm mənəvi, həm də fiziki dayanıqlığının göstəricisi kimi qiymətləndirilib.
Qeyd edək ki, bu cür tədbirlər, şəhidlərimizin əziz xatirəsini yaşatmaqla yanaşı, gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasına mühüm töhfə verir.