Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə dərin ehtiramın növbəti nümunəsi kimi, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Sahib Musayevin həyat və mübarizə yolunu əks etdirən “Bitməyən Ömrün Yarımçıq Gündəliyi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbir şəhidin doğmalarının, döyüş yoldaşlarının və dövlət rəsmilərinin iştirakı ilə duyğusal atmosferdə baş tutub. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca Sahib Musayevin həyatından bəhs edilən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Abdin Fərzəliyev şəhidlərin Azərbaycan xalqının milli qüruru, vətənpərvərlik simvolu olduğunu vurğulayıb. O bildirib ki, qəhrəman şəhidlərin adı yalnız rəsmi sənədlərdə deyil, həm də xalqın yaddaşında və qəlbində daim yaşayacaq. İcra başçısı qeyd edib ki, belə kitablar gənc nəsil üçün vətənpərvərlik dərsi olmaqla yanaşı, şəhidlərin ölməz ruhuna göstərilən hörmətin bariz təzahürüdür.
Tədbirdə həmçinin 44 günlük Vətən müharibəsində şəhid olmuş Elçin Həsənlinin anası, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova da çıxış edib. O, şəhid analarının həm fəxarət, həm də qürur yaşadığını qeyd edərək, belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra şəhid Sahib Musayevin həyat yoldaşı Pərvin Musayeva, qızı Sahibə Musazadə çıxış edərək onun xatirələrini, ailəsinə və vətənə olan sevgisini bölüşüb. Onların duyğusal çıxışı tədbir iştirakçılarında dərin təsir yaradıb.
Digər çıxış edənlər – ziyalılar, müəllimlər, vətənpərvər gənclər və tədbir iştirakçıları da şəhid Sahib Musayevin igidliyindən danışaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonda kitabın müəllifi, yazıçı Namiq Dəlidağ çıxış edib. Qeyd olunub ki, “Bitməyən Ömrün Yarımçıq Gündəliyi” yalnız bir şəhidin həyat tarixçəsi deyil, bütöv bir nəsil igidlərin ömür yolunun, ürəklərində daşıdıqları vətən sevgisinin aynasıdır. Kitabda şəhidin həyatından, ailəsindən, döyüş yolundan və ətrafındakıların onun haqqında fikirlərindən geniş bəhs olunur.
Sonda tədbir iştirakçıları şəhidin ailəsinə bir daha başsağlığı verərək, bu cür tədbirlərin Azərbaycan xalqının milli yaddaşının yaşadılmasında mühüm rol oynadığını qeyd ediblər.
"Bitməyən Ömrün Yarımçıq Gündəliyi" – Şəhid Sahib Musayevin əziz xatirəsinə həsr olunan kitabın təqdimatı keçirilib-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.