Azərbaycanlı ağırlıqqaldıran Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatında üç bürünc medal qazanıb.
Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasından məlumat verilib.
75 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 139 kiloqram, təkanlaqaldırmada isə 175 kiloqram ağırlığın öhdəsindən gəlib.
İsmayılov hər iki hərəkətdə üçüncü yeri tutaraq bürünc medallara sahib olub.
İki hərəkətin cəmində 314 kiloqram nəticə göstərən Azərbaycan təmsilçisi ümumi sıralamada da üçüncü yeri tutaraq üçüncü bürünc medalını qazanıb.

