Bakıda ilk dəfə sumo üzrə dünya çempionatı keçirilir. Oktyabrın 17–18-də baş tutan yarışda dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş kateqoriyalarında idmançılar mübarizə aparırlar.
Bakı İdman Sarayında təşkil olunan çempionat üçün Yaponiyanın ənənəvi sumo atmosferini əks etdirən xüsusi “dohyo” arenası hazırlanıb.
Oktyabrın 17-də 18 yaşadək qızlar və oğlanlar arasında fərdi və komanda yarışları keçirilir. Oktyabrın 18-də isə böyüklər – kişilər və qadınlar medallar uğrunda mübarizəyə qoşulacaqlar.
Turnir peşəkar yapon sumosundan fərqli olaraq, həvəskar sumonun beynəlxalq qaydaları əsasında təşkil edilib. Yarışlar çəki dərəcələri üzrə keçirilir və qadın idmançılar da iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan 2007-ci ildən sumo üzrə beynəlxalq yarışlarda təmsil olunur.

