“Neftçi” Azərbaycan çempionatında səfər oyunlarında vurduğu qolların sayını 700-ə çatdırıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Yubiley qolu Premyer Liqanın VIII turunda “Qarabağ”la keçirilən və 3:3 hesabı ilə başa çatan qarşılaşmada vurulub.
Tarixi qolun müəllifi Qustavo Klisman olub. O, komandasının matçdakı ikinci qoluna imza atıb.
Bununla da “ağ-qaralar” səfərdə keçirdikləri 496-cı oyunda ümumi qol sayını 701-ə yüksəldiblər.
“Neftçi” bu göstəricidə yalnız “Qarabağ”dan geri qalır.
Qeyd edək ki, Bakı klubu ilk səfər qolunu 15 may 1992-ci ildə Yevlaxda “Avtomobilçi”nin qapısına vurub. Həmin görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

