Fransalı qarışıq döyüş növləri (MMA) idmançısı Penqo Bossio Vanqi Paris yaxınlığında baş verən silahlı hücum nəticəsində 26 yaşında həyatını itirib.
İdmançının ölüm xəbərini onun təmsil olunduğu “Atch Academy” klubu təsdiqləyib.
“Böyük kədər və dərin sarsıntı içərisində bildiririk ki, Penqo bu gün Trapp şəhərində ölkəmizi sarsıdan terror aktı zamanı həyatını itirib”, – deyə klubun “Instagram” hesabında yayımlanan açıqlamada bildirilib.
Fransanın Baş naziri Sebastyen Lekornü daha əvvəl Paris ətrafındakı Trapp şəhərində baş verən atışma nəticəsində bir nəfərin öldüyünü, daha dörd nəfərin yaralandığını açıqlayıb.
Məlumata görə, silahlı şəxs hərəkətdə olan avtomobilin pəncərəsindən küçədəki insanlara atəş açıb. Hadisə uşaq meydançasının yaxınlığı da daxil olmaqla bir neçə ərazidə baş verib.
Polis hücumda şübhəli bilinən 39 yaşlı yerli sakini saxlayıb.

