Fransanın paytaxtı Parisin ətrafında törədilən silahlı hücumlar nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb. Yaralılar arasında 12 yaşlı qız da var.
Bu barədə BBC-nin rus xidməti məlumat yayıb.
Bildirilib ki, ilk hücum Parisin cənub-qərbində yerləşən Trapp şəhərində baş verib. Silahlı şəxs hərəkətdə olan avtomobildən atəş açıb, daha sonra yaxınlıqdakı La-Veryer şəhərinə gedərək hücumu davam etdirib.
Həyatını itirən şəxsin 26 yaşlı kişi olduğu bildirilir.
Şübhəli şəxs Kuanyer şəhərində saxlanılıb. Yerli medianın məlumatına görə, 39 yaşlı şübhəli əvvəllər polisin diqqətini çəksə də, Fransa xüsusi xidmət orqanlarına məlum olmayıb.
Fransanın Antiterror Prokurorluğu şübhəlinin ciddi təhlükə yaradan şəxslərin reyestrində olmadığını açıqlayıb.
Hadisənin terror aktı kimi araşdırıldığı bildirilir. Hücumun motivləri hələ dəqiq müəyyən edilməyib.
Fransanın daxili işlər naziri Loran Nunyes hadisənin terror xarakterli cinayət olduğunu bildirib.
“Bu, şübhəsiz ki, terror xarakterli cinayətdir. Prokuror da məhz bunu bəyan edib”, – deyə nazir vurğulayıb.

