DenMedia.az xəbər verir ki, Almaniyanın lüks avtomobil istehsalçısı Porsche, 2025-ci ilin ilk doqquz ayında gəlirinin 95,9 faizini itirib. Şirkətin hesabatına görə, bu dövrdə mənfəət €114 milyon təşkil edib. Yalnız üçüncü rübdə zərərlər €967 milyon səviyyəsinə çatıb.
Hesabatda bildirilir ki, operasiya mənfəəti də ötən illə müqayisədə 99 faiz azalıb və €40 milyon olub. 2024-cü ilin eyni dövründə Porsche bu göstərici üzrə təxminən €4 milyard qazanmışdı. Satışlar da təxminən 6 faiz azalıb və €26,9 milyard həddində dayanıb.
Mütəxəssislər şirkətin problemlərini strateji kursun kəskin dəyişməsi ilə əlaqələndirirlər. Porsche rəhbərliyi elektromobil seqmentindəki iddialı planlarını geri çəkib, yeni elektrik modellərinin buraxılışını təxirə salıb. Bunun əvəzində investisiyaların bir hissəsi daxili yanma mühərrikli avtomobillərə yönləndiriləcək.
Analitiklər hesab edirlər ki, bu qərar qısamüddətli sabitlik gətirsə də, uzunmüddətli perspektivdə markanın innovasiya imicinə zərbə vura bilər.

