Dünya bazarında gübrə çatışmazlığı yaranacağı təqdirdə ABŞ ərzaq böhranı ilə üzləşə bilər.
Bu barədə Heartland İnstitutunun müşaviri Ceff Stayr The Wall Street Journal üçün yazdığı məqalədə bildirib.
Ekspertin fikrincə, Çin, Rusiya və İranın dünya gübrə bazarında mühüm mövqeyə malik olması tədarükdə ciddi problemlər yarandığı halda ərzaq qiymətlərinin kəskin bahalaşmasına gətirib çıxara bilər.
Stayr gübrə qiymətlərindəki qeyri-sabitliyi Ukraynadakı münaqişə, Çinin ixracı azaltması və Hörmüz boğazında gəmiçiliyin pozulması ilə əlaqələndirib.
Onun qənaətinə görə, ABŞ potensial böhranın qarşısını almaq üçün gübrə təchizatı zəncirini daha dayanıqlı etməli, həmçinin ölkə daxilində neft və qaz hasilatını artırmalıdır.
Ekspert hesab edir ki, gübrə tədarükündə genişmiqyaslı fasilələr kənd təsərrüfatı istehsalının maya dəyərini yüksəldə və nəticədə ərzaq məhsullarının qiymətlərinə birbaşa təsir göstərə bilər.

