Qətərin maliyyə naziri Əli bin Əhməd Əl-Kuvari bildirib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən dünya yaxın aylarda ciddi iqtisadi problemlərlə üzləşəcək. Onun sözlərini “Al-Arabiya” yayıb.
Nazir qeyd edib ki, bu təsirlər bir-iki ay ərzində hiss olunmağa başlayacaq və əsas zərbə hələ qarşıdadır.
“Tam təsir hələ qabaqdadır və onu uzun müddət gözləmək lazım gəlməyəcək,” — deyə Əli bin Əhməd Əl-Kuvari Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondunun toplantısında bildirib.
Onun sözlərinə görə, hazırda müşahidə olunan qlobal qiymət artımı yalnız “aysberqin görünən hissəsidir”.
“Çox tezliklə enerji ilə bağlı problem yaranacaq — təkcə qiymətlər deyil, əlçatanlıq da. Yəni pul ödəyə bilsəniz belə, məhsulu əldə etmək mümkün olmaya bilər və bu, böyük problem olacaq,” — deyə nazir vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, regiondan gübrə istehsalı və tədarükünün kəskin azalması qlobal kənd təsərrüfatına mənfi təsir göstərə və ərzaq böhranına səbəb ola bilər.
Bununla belə, o bildirib ki, Qətərin maliyyə sistemi mövcud çətinliklərə ən azı bir il davam gətirə biləcək.

