Abşeron rayonunda, Xırdalan şəhərində insanı dəhşətə gətirən amansız qətl hadisəsi baş verib.
Den.az xəbər verir ki, 35 yaşlı Heybət Quliyev borc üstündə başlayan mübahisə nəticəsində qətlə yetirilib.
Hadisə Xırdalan şəhərinin mərkəzində yerləşən bir kafedə başlayıb. İlkin məlumata görə, Heybət Quliyev və İlkin Novruzov adlı bir şəxs əvvəlcə kafedə çay içib söhbət edirmişlər. Lakin görünür, aralarındakı münasibətlər gərgin imiş. Bildirilir ki, İlkin adlı şəxsin Heybətə cəmi 8 manat borcu olub. Məhz bu cüzi məbləğ aralarında mübahisəyə səbəb olub.
Şahidlərin sözlərinə görə, mübahisə getdikcə qızışıb. Kafe sahibinin müdaxiləsindən sonra tərəflər kafedən çıxarılıb. Ancaq dava bununla bitməyib.
Həyəcanlı anlar kafenin yaxınlığındakı binanın qarşısında daha faciəvi şəkil alıb. İlkin adlı şəxs, gözlənilmədən cibindən bıçaq çıxararaq Heybət Quliyevin şah damarına bir dəfə zərbə endirib. Zərbə o qədər ağır olub ki, Heybət Quliyev qan itkisindən elə hadisə yerindəcə keçinib. Hadisə baş verən əraziyə dərhal hüquq-mühafizə orqanları cəlb olunub. Cinayəti törədən şəxs İlkin Novruzov qısa müddətdə saxlanılıb.
İlkin araşdırmalar göstərir ki, bu qətlin əsas motivi pul – daha dəqiqi, 8 manatlıq borc olub. Bu isə cəmiyyətdə ciddi rezonansa səbəb olub. Kiçik bir məbləğə görə bir insanın həyatdan məhrum edilməsi hiddət doğurur.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, Quliyev ailəli olub, iki övladı varmış. Onun ailədə tək övlad olduğu bildirilir. Qeyd olunur ki, mərhumun körpə övladlarından biri cəmi bir neçə gün əvvəl dünyaya gəlib – təxminən 3-5 gün öncə.