Abşeron rayonunun Fatmayı kəndində dəhşətli qətl hadisəsi baş verib.
Den.az xəbər verir ki, Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü Həşimov İftixar Nizami oğlu kənd sakinlərindən biri tərəfindən amansızlıqla qətlə yetirilib.
Hadisənin təfərrüatları isə istənilən insanda sarsıntı yaradır.
İlkin məlumata görə, hadisə Fatmayı bələdiyyəsinin qarşısında baş verib. İftixar Həşimov oğlu ilə birgə kəndə gələrək burada yaşayan bir neçə şəxslə mübahisə edib. Mübahisə zamanı qarşılıqlı söyüş və təhqirlər baş verib. Gərginliyin pik nöqtəyə çatdığı anlardan birində kənd sakinlərindən biri İftixar Həşimova arxadan 6 bıçaq zərbəsi endirib. Aldığı ağır xəsarətlərdən o, hadisə yerindəcə həyatını itirib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxs saxlanılıb və istintaq araşdırmaları davam etdirilir. Hadisənin motivləri və arxasında dayanan səbəblərlə bağlı araşdırma aparılır. Əldə olunan ilkin məlumatlara əsasən, tərəflər arasında köhnə ədavətin olduğu da istisna edilmir.
Qətlə yetirilən İftixar Həşimov özəl sahədə, ticarətlə məşğul olurmuş.