Londonun Golders Green rayonunda naməlum şəxs bıçaqla hücum edib, nəticədə yəhudi icmasının iki üzvü yaralanıb.
Bu barədə “Shomrim” təşkilatı sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, hücum edən şəxs könüllü özünümüdafiə qrupu tərəfindən zərərsizləşdirilərək saxlanılıb, daha sonra isə polisə təhvil verilib.
Zərərçəkənlər Hatzola xeyriyyə təşkilatının tibb müəssisəsinə çatdırılıb. Onların vəziyyəti və hücumun motivləri hələlik açıqlanmayıb.
London polisi hadisənin bütün hallarını araşdırmağa başlayıb. Qeyd olunur ki, bu hücum eyni ərazidə son dövrlərdə baş verən antisemit hadisələrin davamıdır. Daha əvvəl həmin rayonda təcili yardım avtomobillərinin və sinaqoqun yandırılması halları qeydə alınıb.
Yerli sakinlər paytaxtda aqressiyanın artmasından ciddi narahatlıq keçirir. “Shomrim” isə təhlükəsizliyi təmin etmək üçün küçə patrullarını gücləndirib.

