Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları İrandan Rusiyaya külli miqdarda marixuananın qanunsuz tranzitinin qarşısını alıblar.
Denmedia.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, narkotik vasitə İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya təzə soğan daşıyan avtomobilə baxış zamanı “Biləsuvar” gömrük postunda aşkar edilib.
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və xidməti itin köməyi ilə yoxlanılıb. Yükün yerləşdirildiyi taxta altlıqların aşağı hissəsində düzəldilmiş gizli bölmədən 80 bağlamada ümumi çəkisi 25 kiloqram 570 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

