Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz dövriyyədən xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.
Narkotik maddə İrandan Rusiyaya, Azərbaycan ərazisindən tranzitlə “təzə qarpız” yükü daşıyan nəqliyyat vasitəsində, “Cənub–Astara” gömrük postunda aşkarlanıb.
Bu barədə DenMedia.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, stasionar rentgen qurğusu vasitəsilə aparılan baxış zamanı şübhəli konturlar müəyyən edilib. Bundan sonra yük avtomobili xidmət iti cəlb olunmaqla ətraflı gömrük yoxlamasına məruz qalıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda 92 palet üzərində, gömrük nəzarətindən gizlədilmiş xüsusilə külli miqdarda narkotik vasitə — marixuana aşkar edilib. Maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisi 61 kiloqram təşkil edib.
Faktla bağlı araşdırma aparılır.

