Hindistanın Lakhnau şəhərində 24 yaşlı qadın otelin 10-cu mərtəbəsindən düşərək həyatını itirib. Onunla birlikdə otelə gələn kişi isə hadisədən sonra ərazidən uzaqlaşıb.
“The Times of India”nın məlumatına görə, Samrin adlı qadının meyiti oktyabrın 12-də Uttar-Pradeş ştatındakı otelin qarşısında aşkarlanıb.
İlkin araşdırmaya əsasən, qadın həmin gün bir kişi ilə birlikdə otel otağına yerləşib.
Hadisədən sonra kişinin liftlə aşağı endiyi, yeraltı dayanacağa keçdiyi və motosikletlə oteldən uzaqlaşdığı müəyyən edilib. Polis onun tapılması istiqamətində axtarış aparır.
Samrinin ailəsi isə qadının qəsdən aşağı itələndiyini iddia edib. Bu müraciətdən sonra polis qətl maddəsi üzrə araşdırmaya başlayıb. Hadisənin dəqiq necə baş verdiyi hələ müəyyənləşdirilməyib.
Hazırda hüquq-mühafizə orqanları otelin müşahidə kameralarının görüntülərini araşdırır və hadisənin ardıcıllığını müəyyən etməyə çalışırlar.

