Qadınlar, orta yaş dövründə daha çox ultra işlənmiş qidalar qəbul etdikdə, yaşlılıqda yaddaş və düşüncə problemləri ilə daha yüksək ehtimalla üzləşirlər. DenMedia.az xəbər verir ki, bu nəticəyə Nyu-York Universitetinin alimləri gəliblər. Tədqiqat Preventive Medicine (PM) jurnalında dərc olunub.
Ultra işlənmiş qidalar – şirniyyatlar, fastfud, qazlı içkilər və hazır yeməklər – əlavə yağlar, şəkər, duz və dadlandırıcılarla zəngindir. Women's Health Study adlı uzunmüddətli tədqiqatda 5000-dən çox qadın iştirak edib. Araşdırma göstərib ki, 35–65 yaş arasında ultra işlənmiş qidaları daha çox qəbul edən qadınlar 25–35 il sonra təxminən 20–24% daha çox yaddaş və konsentrasiya problemlərindən şikayət ediblər.
Koqnitiv şikayətlər dedikdə yaddaşın zəifləməsi və ya diqqət toplama qabiliyyətinin azalması kimi subyektiv hisslər nəzərdə tutulur. Əvvəlki tədqiqatlar göstərir ki, bu simptomlar Alzheimer xəstəliyinin inkişafından bir neçə il əvvəl meydana çıxa bilər.
Xüsusilə işlənmiş süd məhsulları və ət məhsulları ilə koqnitiv problemlər arasında güclü əlaqə tapılıb. Şirniyyatlar və souslar üçün isə statistik əhəmiyyətli əlaqə müşahidə olunmayıb.
Qadınlar Alzheimer xəstələrinin təxminən iki üçünü təşkil edir. Risk faktorlarının erkən mərhələdə müəyyən edilməsi səhiyyə üçün prioritetdir. Yeni tədqiqat sübut edir ki, orta yaşda qida rejimi onilliklər sonra beyin sağlamlığına təsir göstərə bilər.
Alimlər vurğulayıb ki, belə qidaların payını azaltmaq yaşlılıqda koqnitiv pozuntuların riskini azaltmaq üçün əlçatan üsul ola bilər.