D vitamini sümüklərin, dişlərin sağlamlığına və kalsiumun düzgün mənimsənilməsinə cavabdehdir.
DenMedia.az xəbər verir ki, bunu *“Radio 1”*ə açıqlamasında Moskva bölməsi “Opora Rossii”nin laborator diaqnostika komissiyasının sədri Yevgeniya Yermolayeva deyib. Onun sözlərinə görə, bu vitaminin çatışmazlığı xüsusilə şimal bölgələrinin sakinlərində daha çox müşahidə olunur.
Yermolayeva bildirib:
“Vitamin D analizləri bu vacib elementin çatışmazlığının olub-olmadığını müəyyən edir. Kalsiumun sorulması üçün D vitamini mütləqdir, kalsium isə sümüklər, dişlər, ürək-damar və qan-damar sisteminin sağlamlığı üçün əsas elementdir. D vitamini günəş şüalarının təsiri ilə sintez olunur, buna görə də şimalda yaşayanlar və yayda açıq havada az olanlar bu göstəriciyə xüsusi diqqət etməlidirlər.”
Ekspert əlavə edib ki, çatışmazlığı aradan qaldırmaq üçün həkimlə məsləhətləşmək lazımdır. Onun sözlərinə görə:
“Bəzən sadəcə rasionu dəyişmək kifayətdir, bəzən isə dərman vasitələri tələb olunur.”

