Artıq çəki və piylənməsi olan insanlarda manqonun probiotiklərlə birlikdə gündəlik qəbulu iltihabı azalda və bəzi koqnitiv funksiyaları yaxşılaşdıra bilər. Bu qənaət Food & Function (F&F) jurnalında dərc olunan randomizə olunmuş, ikiqat kor klinik tədqiqatın nəticələrində yer alıb.
Tədqiqat çərçivəsində 18–65 yaş arası iştirakçılar səkkiz həftə ərzində hər gün 400 qram təzə manqo qəbul edib və əlavə olaraq ya probiotik, ya da plasebo alıblar. Artıq çəkisi olan iştirakçılarda manqo fonunda probiotiklərin qəbulu qanda iltihab göstəricisi olan TNF-α sitokininin azalmasına və işçi yaddaşda orta səviyyəli yaxşılaşmaya səbəb olub. Normal çəkiyə malik iştirakçılarda isə iltihabəleyhinə təsir müşahidə edilməsə də, diqqət və informasiyanın emal sürəti artıb.
Alimlər bu təsiri manqonun tərkibindəki poli̇fenollar — qallotanninlərlə əlaqələndirirlər. Bu maddələr güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Piylənməsi olan insanlarda bu birləşmələrin orqanizmdə mənimsənilməsi zəifləsə də, probiotiklər onların aktiv metabolitlərə çevrilməsinə kömək edir və bağırsaq mikrobiotasının tərkibini dəyişir. Nəticədə Lactobacillus və Lachnospiraceae bakteriyalarının payı artır.
Tədqiqat müəllifləri bildirirlər ki, iş pilot xarakter daşıyır, lakin əldə olunan nəticələr meyvə və probiotiklərin birlikdə istifadəsinin iltihabın azaldılması və maddələr mübadiləsi pozulmuş şəxslərdə beyin funksiyalarının dəstəklənməsi baxımından perspektivli ola biləcəyini göstərir.

