Tam taxıllı məhsulların müntəzəm qəbulu yaşlandıqca yaddaşın və zehni aydınlığın qorunmasına kömək edə bilər.
DenMedia.az xəbər verir ki, bu nəticəyə çinli alimlər gəliblər. Araşdırmanın nəticələri Food & Function (F&F) jurnalında dərc olunub.
Tədqiqatda orta yaşı 64 olan 5 mindən çox insan iştirak edib. Çuntsin və Pekin alimləri onların qida rasionunu analiz edərək, yaddaş, diqqət və düşünmə sürətini ölçən testlərin nəticələri ilə müqayisə ediblər.
Nəticələr göstərib ki, gündə təxminən 75 qram tam taxıllı məhsul qəbul edənlərdə yüngül zehni pozğunluqlar 18% az müşahidə olunub və onlar ümumilikdə bütün testlərdə daha yüksək nəticə göstəriblər.
Ən güclü əlaqə tam taxıllı qidaların miqdarı ilə şifahi yaddaş və diqqət səviyyəsi arasında müəyyən olunub.
Alimlərin sözlərinə görə, bu müsbət təsir tam taxıllı məhsullardakı lif, B qrupu vitaminləri, maqnezium və antioksidantların yüksək miqdarı ilə izah olunur — bu maddələr neyronları qoruyur və damar sağlamlığını dəstəkləyir.