2024-cü ildə Azərbaycanda psixoaktiv maddələrlə əlaqəli olmayan psixi və davranış pozuntuları diaqnozu qoyulan xəstələrin ümumi sayı 8376 nəfər təşkil edib. Bununla bağlı Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Bildirilib ki, onlardan 6219-u kişi, 2 157-si isə qadındır. Statistika göstərir ki, bu cür diaqnozla qeydiyyata alınan kişilərin sayı qadınlara nisbətən təxminən üç dəfə çoxdur.
Psixi və davranış pozuntularının kişilər arasında bu qədər yüksək olmasının səbəbləri nələrdir?
Den.az xəbər verir ki, bunu Globalinfo.az-a danışan psixoloq Nizami Orucov deyib ki, bu rəqəmlər sadəcə tibbi deyil, eyni zamanda sosial və mədəni reallıqların göstəricisidir:
“Azərbaycan cəmiyyətində kişidən gözlənilən “güclü ol”, “emosiyanı göstərmə” yanaşması onları öz hisslərini basdırmağa vadar edir. Bu, zamanla emosiyalar davranış pozuntusu, aqressiya, alkoqolizm və impulsiv reaksiyalarla üzə çıxır. Yəni kişi emosional olaraq kömək istəyə bilmir, amma davranışları ilə sistemə “səs salır”. Buna görə də kişilər daha çox psixi yardıma kəskin simptomlarla, bəzən isə hüquq-mühafizə və ya təcili tibbi xətti ilə gəlirlər. Bu da statistikanı yüksəldir”.
Nizami Orucov
Psixoloq əlavə edib ki, kişilər arasında alkoqol və narkotik maddə istifadəsi halları da daha çox müşahidə olunur:
“Bu da davranış pozuntularını artırır. Qadınlar isə adətən daha sakit formada depressiv və ya narahatlıq yönümlü simptomlarla özlərini ifadə edirlər. Bu baxımdan onlara müvafiq diaqnoz qoyulmur və necə deyərlər, kölgədə qala bilirlər”.