Yeni elmi araşdırma bəzi vitaminlərin xərçəng riskinə təsir göstərə biləcəyini ortaya qoyub. Frontiers in Nutrition jurnalında dərc olunan məlumata görə, vitamin B3 onkoloji xəstəliklərin inkişaf ehtimalını 22 faiz azalda bilər, vitamin A isə əksinə, bu riski 38 faiz artıra bilər.
Nəticələr ABŞ-da aparılan genişmiqyaslı milli sağlamlıq sorğusunun məlumatlarının təhlilinə əsaslanır. Tədqiqatda təxminən 29 min nəfər iştirak edib və onların bir qismində xərçəng diaqnozu mövcud olub.
Araşdırma zamanı vitamin C və E kimi geniş istifadə olunan digər vitaminlərlə xərçəng riski arasında əhəmiyyətli əlaqə aşkarlanmayıb.
Alimlər vurğulayırlar ki, bu nəticələr müşahidə xarakterlidir və birbaşa səbəb-nəticə əlaqəsi kimi qəbul edilməməlidir. Mövzu ilə bağlı daha geniş və dərin tədqiqatlara ehtiyac var.

