Artıq çəki yığılması zamanı yalnız zahiri görünüş deyil, orqanizmin daxili sistemlərinin fəaliyyəti də dəyişir. Bu barədə bariatrik cərrah, tibb elmləri namizədi Aleksandr Neymark “Lenta.ru”ya müsahibəsində danışıb və piylənmənin beyin fəaliyyətinə təsirini izah edib.
Həkimin sözlərinə görə, piylənmə aclıq hissinə və qida davranışına cavabdeh olan beyin mərkəzlərinə birbaşa təsir göstərir. Nəticədə zamanla insan üçün qidalanmanı və həyat tərzini nəzarətdə saxlamaq getdikcə çətinləşir.
“Yağ toxuması həddindən artıq artdıqda iştahanın tənzimlənməsi prosesi pozula bilər. Bu mərhələdə yağ hüceyrələri sanki müstəqil rejimdə işləməyə başlayır və aclıq–toxluq mexanizmlərinə müdaxilə edir”, — deyə Aleksandr Neymark bildirib.
Onun sözlərinə görə, məhz bu səbəbdən adi pəhrizlər və kalori azaldılması çox vaxt gözlənilən effekti vermir. Çünki orqanizm yağ ehtiyatlarını həyati vacib resurs kimi qorumağa çalışır. Nəticədə güclü piylənmə hallarında daimi aclıq hissi, yeməyə artmış meyl və qida qəbuluna nəzarətdə ciddi çətinliklər yaranır.
Mütəxəssis əlavə edib ki, bədəndə yağ faizinin artması ilə beyinə ötürülən siqnalların xarakteri də dəyişir. Yağ hüceyrələrinin əsas funksiyası toplamaq və saxlamaqdır və onlar bu mesajı beyinə göndərərək, enerji ehtiyacı olmasa belə, yemək tələbi formalaşdırırlar.
Həkimin fikrincə, bu mexanizm orqanizmin ehtiyat yaratmaq instinktindən qaynaqlanır və tibbi müdaxilə olmadan insanın bu prosesi tam nəzarətə alması çox vaxt mümkün olmur.

