Doyumlu şam yeməyindən sonra elə gəlir ki, mədədə bir tikə belə yer qalmayıb. Amma desert süfrəyə gələn kimi vəziyyət dəyişir. Endokrinoloq Zuhra Pavlova öz Telegram kanalında bunun səbəbini izah edib.
Desert niyə həmişə “yer tapır”?
Mütəxəssisin sözlərinə görə, mədə qida həcminə uyğunlaşa bilir. Yumşaq və şirin qidalar daha asan həzm olunur və mədəni daha tez tərk edir. Bu isə desert üçün yer açır.
Digər tərəfdən, yemək istəyi təkcə fizioloji ehtiyacla bağlı deyil. Beyin həm də hedonik aclıq adlanan mexanizmlə işləyir — bu zaman insan yeməyi aclıq üçün yox, zövq üçün istəyir.
-
Fizioloji aclıq: orqanizmə qida maddələri çatmır, aclıq tədricən artır, doyma isə yeməkdən 20–40 dəqiqə sonra hiss olunur.
-
Hedonik aclıq: şirniyyat görən kimi beynin dopamin sistemi aktivləşir, hətta mədə dolu olsa belə “nəsə dadlı” yemək istəyi yaranır.
Həkim qeyd edib ki, aclıq və toxluq hissinə cavabdeh olan leptin və qrelin hormonları dərhal işə düşmür. Toxluq siqnalı beyinə gec çatdığı üçün desert göz önünə tez çıxarsa, asanlıqla yeyilir.
“Desert bizdə bayram, zövq və yeməyin tamamlanması ilə assosiasiya olunur. Bir çox ailədə yeməkdən sonra çay və şirniyyat adi vərdişdir. Bu, təkcə fiziologiya yox, həm də alışqanlıq məsələsidir”, — deyə Zuhra Pavlova bildirib.
Niyə məhz şirniyyata can atırıq?
Əsas yeməkdən sonra qanda qlükoza səviyyəsi bir qədər enə bilər. Desertlərdəki sürətli karbohidratlar şəkəri tez normallaşdırır və qısa müddətli rahatlıq hissi yaradır. Bu səbəbdən tort və şirniyyatlar sanki daha tez “doyurur”, amma bu təsir uzun çəkmir.
Şirniyyatı nə vaxt yemək daha düzgündür?
Diyetoloq-endokrinoloq Albina Komissarova daha əvvəl bildirib ki, desert üçün ən uyğun vaxt günün ortasıdır, insanın aktiv olduğu saatlar. Şirniyyatı əsas yeməkdən sonra yemək qlükoza sıçrayışlarını yumşaldır və toxluq hissinin daha tez yaranmasına kömək edir.

