İrsi amil ürək-damar sistemi xəstəliklərinin inkişafında risk faktoru hesab olunur. Lakin mütəxəssislərin sözlərinə görə, valideynlərdə insult və ya infarkt halları olsa belə, altı addım vasitəsilə bu riski əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Bu barədə “Gazeta.ru”ya Piroqov Universitetinin Kliniki Tibb İnstitutunun daxili xəstəliklərin propedevtikası kafedrasının müdiri Yelena Reznik məlumat verib.
Həkimin sözlərinə görə, dəyişdirilə bilən risk amillərinə artıq çəki və piylənmə, hərəkətsiz həyat tərzi, alkoqoldan sui-istifadə, siqaret, duz, sürətli karbohidratlar və transyağlarla zəngin qidalanma, həmçinin psixoloji və sosial faktorlar daxildir.
“Ürək-damar xəstəliklərinin və onların ağırlaşmalarının qarşısını almaq üçün profilaktikaya xəstəliyin ilk simptomları yaranmamışdan əvvəl başlamaq lazımdır”, – deyə həkim bildirib.
Reznikin sözlərinə görə, bunun üçün altı əsas addım var:
Birinci addım – qidalanmanı dəyişmək.
Gündəlik rasionda 200 qram tərəvəz və 200 qram meyvə olmalı, duz qəbulu gündə 5 qramdan çox olmamalıdır. Doymuş yağlar ümumi rasionun 10%-ni keçməməli, transyağlardan isə tam imtina edilməlidir. Şirin qazlı içkilər menyudan çıxarılmalıdır.
İkinci addım – müntəzəm fiziki aktivlik.
Həftədə ən azı 150 dəqiqə aerob hərəkət (məsələn, gündə 6–10 min addım).
Üçüncü addım – arterial təzyiq və nəbzə nəzarət.
65 yaşadək təzyiq 120–130/<80 mm civə sütunu, 65 yaşdan yuxarı isə 130–140/<80 mm civə sütunu səviyyəsində olmalıdır. Nəbz normada 55–80 vurğu/dəqiqə aralığında olmalıdır.
Dördüncü addım – siqaret, həddindən artıq qidalanma və alkoqoldan imtina.
Beşinci və altıncı addımlar – qan analizlərinin müntəzəm izlənməsi.
Qlikozilləşmiş hemoglobin (norma 5,7%-dək), ümumi xolesterin (5,2 mmol/l-dək) və aşağı sıxlıqlı lipoproteinlər (3 mmol/l-dək) nəzarətdə saxlanılmalıdır.
Həkim vurğulayıb ki, həyat tərzinin dəyişdirilməsi ilə risk faktorlarını aradan qaldırmaq mümkün olmadıqda, mütləq həkimə müraciət etmək lazımdır. Lazım gələrsə, uyğun dərman müalicəsi təyin edilə bilər.

