Demək olar ki, bütün uşaqların şirniyyata meyilli olması hələ doğulmamışdan əvvəl formalaşmağa başlayır. Bu barədə alim Kathleen Keller The Conversation nəşrinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, hamiləlik dövründə qadınlar tez-tez meyvələr və digər şirin qidalar qəbul edirlər. Bu isə dölün şirin dada qarşı erkən marağının formalaşmasına səbəb ola bilər. Doğuşdan sonra isə bu meyl ana südünün şirin dadı ilə daha da güclənir.
Alim bunu maraqlı bir tədqiqat nümunəsi ilə izah edib. Araşdırma zamanı hamilə qadınlara şirin kök və acı kələm tərkibli kapsullar verilib və daha sonra ultrasəs müayinəsi aparılıb. Nəticədə məlum olub ki, şirin kapsul qəbul edən anaların körpələri ultrasəs zamanı gülümsəyirmiş, acı kapsul qəbul edən anaların körpələri isə üzlərini turşudaraq narazılıq ifadə edirmiş.
Professor hesab edir ki, qida vərdişləri hələ ana bətnində formalaşmağa başlayır. Digər bir tədqiqat da göstərib ki, hamiləlik zamanı kök şirəsi içən anaların uşaqları sonradan kökü daha həvəslə yeyirlər.

Alimin sözlərinə görə, bəzi insanlarda acı dadlara qarşı genetik həssaslıq da mövcuddur. Bu səbəbdən onlar hətta böyüyəndə də bəzi qidalardan uzaq dururlar. Belə qidalara aşağıdakılar daxildir:
-
brokkoli
-
rukola
-
qreypfrut
-
qəhvə
Professor əlavə edir ki, uşaqların yemək seçməsi və naz etməsi əksər hallarda müvəqqəti mərhələdir. Valideynlər uşaqlara müxtəlif qidalar təqdim etməli, yeni dadlara marağı inkişaf etdirməlidirlər. Lakin bunu təzyiq və məcburiyyət olmadan etmək vacibdir.

