Yeməyi şirələr, şirin içkilər və qazlı limonadlarla içmək ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər. Bu barədə “Gazeta.ru”ya “SM-Klinika”nın dietoloqu və qidalanma mütəxəssisi Nadejda Litvinova-Qrasyon danışıb.
Onun sözlərinə görə, ilk növbədə bu vərdiş həzm sistemini pozur. Şirələrdə və şirin qazlı içkilərdə olan turşular mədə selikli qişasını qıcıqlandıra bilər, xüsusilə də yeməklə birlikdə qəbul edildikdə.
“Şirələr və qazlı içkilər çoxlu sadə şəkərlər ehtiva edir. Onlar qana sürətlə sorulur, bu da qan şəkərinin kəskin artmasına və mədəaltı vəzə əlavə yüklənməyə gətirib çıxarır.
Qlükoza dözümsüzlüyü və ya diabeti olan insanlar üçün bu, xüsusilə zərərlidir,” — deyə həkim bildirib.
Bundan əlavə, Litvinova qeyd edib ki, şirin içkilər “boş kalorilərdir” — enerji verir, amma qidalanma dəyəri yoxdur, çünki tərkibində lif yoxdur. Bu kalorilər çox vaxt nəzərə alınmır, nəticədə gündəlik kalori profisiti yaranır və artıq çəki yığılır.
Şirin içkilərin həmçinin diş sağlamlığına zərər vurduğunu, diş minasının dağılmasına səbəb olduğunu vurğulayan mütəxəssis xəbərdarlıq edib:
“Uzunmüddətli perspektivdə belə içkilərin müntəzəm qəbulu piylənmə, metabolik sindrom, 2-ci tip şəkərli diabet və ürək-damar xəstəliklərinin riskini artırır.”
Dietoloq alternativ olaraq saf və ya mineral suyu, eləcə də şəkərsiz bitki və aromalı çayları gündəlik içmə rejiminə daxil etməyi tövsiyə edib.