4 santimetrdən hündür dabanlı ayaqqabılar onurğa sağlamlığına mənfi təsir göstərə bilər.
Bu barədə NEWS.ru-ya osteopat Yelena Sklyar açıqlama verib.
Onun sözlərinə görə, 4 santimetrdən yüksək daban çanağın ağırlıq mərkəzini irəliyə doğru sürüşdürür və bel nahiyəsində təhlükəli əyilmə yaradır. Bu isə hiperlordoz və bel ağrılarının yaranmasına səbəb ola bilər.
Həkim bildirib ki, gündəlik istifadə edilən ayaqqabılar fizioloji cəhətdən rahat olmalıdır. O əlavə edib ki, oturaq iş rejimi olan insanlar hər 45–60 dəqiqədən bir qısa fasilə verərək hərəkət etməlidirlər.
“Bel, çiyin, boyun, çanaq və ayaqlar üçün bir neçə sadə hərəkət edin, ofisdə və ya evdə qısa gəzinti edin. Bu, fəqərəarası disklərə düşən yükü azaldır və qan dövranını yaxşılaşdırır”, — deyə Yelena Sklyar bildirib.
Ekspert həmçinin xəbərdarlıq edib ki, ayağı ayağın üstünə qoyaraq oturmaq çanağın yerini dəyişdirir, bel nahiyəsinə düşən yükü artırır və damarlarda qan dövranını zəiflədir.
Onun sözlərinə görə, onurğa sağlamlığını qorumaq üçün həftədə 3–4 dəfə 40–60 dəqiqə fiziki fəaliyyətlə məşğul olmaq vacibdir. Bu fəaliyyətlərə pilates, fitnes, üzgüçülük və ya sadə gəzinti daxil ola bilər.
Həkim əlavə edib ki, qarın üstə yatmaq boyun və bel üçün ən zərərli yuxu mövqelərindən biridir, çünki bu zaman fəqərələr gecə boyu burulmuş vəziyyətdə qalır. Onun sözlərinə görə, ən düzgün yuxu mövqeyi arxa üstə və ya yan üstə yatmaqdır.
Yan üstə yatan insanlar üçün isə yastığın çiyin ilə baş arasındakı boşluğu doldurması vacibdir. Həmçinin dizlər arasında yastıq yerləşdirmək bel nahiyəsində burulmanın qarşısını almağa kömək edir.

