Denmedia.az xəbər verir ki, “Qazeta.ru”-ya danışan “SM-Clinic”in qastroenteroloqu Alsu Qaleeva bildirib ki, səhər düz və yığcam görünən qarın axşama doğru şişib böyüyürsə, səbəb çox vaxt artıq kalori deyil, hərəkətsiz həyat tərzi və uzunmüddətli oturaq vəziyyətdir.
“Ofis şəraitində, xüsusilə stress zamanı bədən qeyri-sağlam bir vəziyyətə alışır: kürək əyilir, çiyinlər yuxarı qalxır, insan tez-tez ayağını ayağının üstünə qoyaraq oturur. Bu, diafraqmanın — yəni ‘stress əzələsinin’ sıxılmasına gətirib çıxarır,” — deyə Qaleeva izah edib.
Diaqfraqmanın hərəkətliliyi azaldıqda tənəffüs zəifləyir, limfa dövranı ləngiyir, qarın boşluğu və çanaq orqanlarında qan dövranı pozulur, bel hissəsinə isə əlavə yük düşür. Nəticədə əzələlərdə spazm və zəifləmə baş verir, bu da həm sağlamlığa, həm də bədən formasına mənfi təsir göstərir.
Mütəxəssis ofis işçilərinə iş yerini düzgün təşkil etməyi tövsiyə edib:
-
Oturacaq elə tənzimlənməlidir ki, ayaqlar yerə tam bassın, dizlər 90 dərəcə bucaq altında olsun;
-
Ekran göz səviyyəsində yerləşsin;
-
Bel hissəsi üçün dayaq olmalıdır — kiçik yastıq və ya valik istifadə oluna bilər.
“Hərəkətsiz 30–45 dəqiqədən artıq oturmaq olmaz. Vaxtaşırı qalxın, uzanma və nəfəs məşqləri edin. ‘Köpək-pişik’ hərəkəti kimi sadə hərəkətlər onurğa gərginliyini azaldır və qan dövranını aktivləşdirir,” — deyə həkim məsləhət görüb.
Qaleeva həmçinin kifayət qədər su içməyin və tələsmədən yeməyin vacibliyini vurğulayıb. Gün ərzində bərabər şəkildə su içmək şişkinliyin qarşısını alır. Axşam isə 10–15 dəqiqə ayaqları yuxarı qaldırılmış vəziyyətdə uzanmaq və qarına yüngül dairəvi masaj etmək ödemi azaldır.
“Ofis qarını” çox vaxt artıq çəkinin deyil, hərəkətsizliyin və əzələ disbalansının nəticəsidir. Adi vərdişlərdə kiçik dəyişikliklər bədəni bir neçə günə “sağ ol” dedirdəcək,” — deyə mütəxəssis yekunlaşdırıb.

