Saat 23:00-dan sonra yatmaq orqanizmin hormonal balansını ciddi şəkildə poza bilər.
Bu barədə El Confidencial nəşri yazıb. Məlumata görə, həkim Sara Marin gec yatmaq vərdişinin zamanla sağlamlığa mənfi təsir göstərdiyini bildirib.
Onun sözlərinə görə, insan 23:00-dan sonra yatmağa başladıqda özünü daha yorğun və əsəbi hiss edə bilər. Başlanğıcda bu hormonal dəyişikliklər hiss olunmaya bilər, lakin zaman keçdikcə təsirləri güclənir.
“Yorğunluq təsadüfi deyil. Bu saatdan sonra yuxu hormonu olan melatonin azalır, stress hormonu kortizolun səviyyəsi isə artır”, — deyə Sara Marin izah edib.
Həkimin sözlərinə görə, bu vəziyyətdə orqanizm yüksək gərginlik rejimində qalır və beyin artıq gecə olduğunu düzgün qəbul etmir.
Ekspert bildirib ki, gec yatmaq ikinci həftədə artıq böyümə hormonunun səviyyəsini azaldır. Bu isə əzələlərin bərpasına, fiziki performansa, uşaqlar və yeniyetmələrdə isə boy artımına mənfi təsir göstərə bilər.

Üçüncü həftədən etibarən beyin üçün “özünü aşındırma” mərhələsi başlaya bilər. Çünki gün ərzində yığılan zərərli maddələr orqanizmdən tam xaric olunmur.
Araşdırmada qeyd olunur ki, dördüncü həftədən sonra orqanizmdə ümumi hormonal pozuntu yaranır. Bu zaman toxluq hormonu olan leptin azalır, adrenalin isə artır. Nəticədə insan şəkər və yağ tərkibli qidalara daha çox meyl edir və çəki artımı baş verə bilər.
Həkim əlavə edib ki, pis yuxu bağırsaq bakteriyalarını da dəyişir, bu isə immun sistemi, həzm və əhval-ruhiyyəyə təsir göstərir.

