Britaniya şahzadəsi Şahzadə Uilyam Böyük Britaniyada qeyd olunan Analar Günü münasibətilə mərhum anası Şahzadə Diananın xatirəsini yad edib.
O, sosial şəbəkədə əvvəllər yayımlanmayan ailə arxivinə aid bir fotoşəkil paylaşıb. 1984-cü ildə çəkilmiş həmin görüntüdə iki yaşlı Uilyam və anası Diana çöl çiçəkləri ilə örtülü sahədə oturublar. Foto ailənin əsas iqamətgahlarından biri olan Highgrove malikanəsinin ətrafında, Qlosterşir qraflığında çəkilib.
“Bu gün və hər gün anamı xatırlayıram. Bu gün sevdiyi birini xatırlayan hər kəs haqqında düşünürəm.”
Bu sözləri Şahzadə Uilyam fotonu Instagram səhifəsində paylaşarkən yazıb.

Şahzadə Diana 1997-ci ildə 36 yaşında Parisdə baş verən avtomobil qəzasında həyatını itirmişdi. Bu ilin 1 iyulunda onun 65 yaşı tamam olacaqdı.

Anasının ölüm zamanı Şahzadə Uilyamın 15, Şahzadə Harri isə 12 yaşı var idi. Hər iki qardaş sonrakı illərdə müsahibələrində bu itkini belə gənc yaşda yaşamağın onlar üçün nə qədər ağır olduğunu dəfələrlə dilə gətiriblər.
Eyni zamanda Britaniya kral ailəsinin X sosial şəbəkəsindəki rəsmi hesabı da Analar Günü münasibətilə paylaşım edib və müxtəlif arxiv şəkillərini yayımlayıb.

“Bütün analara və bu gün analarını xatırlayan hər kəsə sakit və xoş Analar Günü arzulayırıq.”
Paylaşılan şəkillərdən birində 1953-cü ildə çəkilmiş qara-ağ foto yer alır. Həmin görüntüdə mərhum Kraliça II Elizabet Şotlandiyanın Balmoral iqamətgahında skamyada oturub. Onun yanında Kral III Çarlz və bacısı Şahzadə Anna görünür. Arxa planda isə kraliçanın Sue adlı korgi iti diqqət çəkir.
Fotoda kralın kiçik qardaşları — Endryu Mountbatten-Windsor və hazırda Edinburq hersoqu olan Şahzadə Edvard yoxdur. Çünki həmin vaxt onlar hələ dünyaya gəlməmişdilər.
Yayımlanan digər arxiv görüntüləri arasında Kraliça II Elizabetin anası Kraliça Ana ilə çəkilmiş şəkli, həmçinin Kraliça Kamillanın mərhum anası Rosalind Shand ilə fotosu da yer alıb.


