Bukingem sarayından yayılan yeni məlumatlara görə, Böyük Britaniya kralı III Çarlz ilə onun varisi Şahzadə Uilyam arasında münasibətlər ciddi şəkildə pisləşib. Bu barədə Cosmopolitan məlumat yayıb.
Kral ailəsinə yaxın mənbələr bildirir ki, kral və Uels şahzadəsi arasındakı gərginlik pik həddə çatıb və tərəflər bir-birinə qarşı “həqiqi qəzəb” hissi keçirir. İddialara görə, münaqişə Şahzadə Uilyamın atasına həsr olunmuş “Finding Harmony: A King’s Vision” sənədli filminin Vindzor qəsrindəki premyerasını qəsdən boykot etməsindən sonra daha da dərinləşib. Bundan sonra onların bir-biri ilə danışmadığı deyilir.
Saray əyanlarından biri hətta bildirib ki, hazırda III Çarlzın Şahzadə Uilyamla problemi Şahzadə Harri ilə müqayisədə daha ciddidir. Onun sözlərinə görə, Harri emosional və proqnozlaşdırılandır, taxtın varisi isə hesablı və tərsdir.
Münaqişənin əsas səbəbi təsir və hakimiyyət uğrunda mübarizədir. Mənbənin sözlərinə görə:
“Onlar toqquşurlar, çünki həddən artıq oxşardırlar. Hər ikisi özünü haqlı sayır. Heç biri asanlıqla geri çəkilmir.”
Gərginliyin uzun müddətdir toplandığı vurğulanır. Hələ dekabrda kralın Uilyamın artıq idarəetməni ələ aldığı barədə formalaşan narrativdən narazı olduğu bildirilirdi. Çünki III Çarlz taxta çıxmaq üçün bütün ömrünü gözləmişdi.

