Yuxu çatışmazlığı artıq yeməyə səbəb olur və düzgün qidalanma ilə müntəzəm fiziki fəaliyyət olsa belə, arıqlamağa mane olur.
Bu barədə diyetoloq Darya Rusakova “Veçernyaya Moskva”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, gecə yuxusunun keyfiyyəti çəkiyə nəzarətə birbaşa təsir edir.
“Yuxu çatışmazlığı aclıq hormonu olan qrelinin səviyyəsini artırır və toxluq hissinə cavabdeh olan leptinin səviyyəsini azaldır. Nəticədə insan daha çox yeməyə meylli olur. Eyni zamanda, yuxusuzluq zamanı yağ yandırılmasına kömək edən somatotrop hormonun ifrazı azalır. Az yatan insanlar enerji çatışmazlığını kompensasiya etmək üçün daha çox kalorili və şirin qidalara üstünlük verir və nəticədə gündəlik kalori normasını aşırlar”, — deyə Darya Rusakova bildirib.
Həkim xatırladıb ki, normalda insan gündə 7–9 saat yatmalıdır. Eyni zamanda, müntəzəm rejimə riayət etmək, hər gün təxminən eyni vaxtda yatmaq və oyanmaq vacibdir.

Yuxuya getmək üçün ən uyğun vaxt təxminən saat 23:00 hesab olunur, çünki bu vaxt yuxu hormonu olan melatoninin ifrazı başlayır.

