Hər gecə ən azı yeddi saat yatmaq və təxminən eyni vaxtda yuxuya getmək erkən ölüm riskini azalda və ömrü 4 ilə qədər uzada bilər.
Bu barədə Daily Mail nəşri yazır.
Məsələ olduqca sadədir — hər gecə minimum 7 saat yatmaq və hər zaman təxminən eyni saat aralığında (məsələn, 22:00–23:00 arasında) yuxuya getmək lazımdır. 105 min insanın 47 milyon gecəlik yuxu məlumatlarının analizinə əsasən, bu rejimə əməl edənlərdə erkən ölüm riski 24 faiz daha aşağı olub.
“İnsanlar 7–8 saat yatmağa həddən artıq fokuslanır. Halbuki araşdırma göstərdi ki, əsas məsələ yuxu saatlarının sabitliyi və müntəzəmliyidir”, — deyə tədqiqatçı Keti Trayön bildirib.
Mütəxəssislər yatmaq vaxtını tədricən nizamlamağı, axşam saatlarında kofein və alkoqoldan uzaq durmağı, yatmazdan əvvəl telefon və digər cihazların istifadəsini azaltmağı və sakitləşdirici axşam rutini formalaşdırmağı tövsiyə edir.

Müntəzəm yuxu saatları insanın bioloji saatını sabit saxlayır. Bu saat hormonların ifrazını tənzimləyir, yuxu keyfiyyətinə, enerji səviyyəsinə və maddələr mübadiləsinə birbaşa təsir göstərir. Bu ritm pozulduqda isə sağlamlıq riskləri artır.
Mütəxəssislər qeyd edir ki, ideal rejimə tam əməl etmək çətin olsa belə, ən azı kifayət qədər yatmağa və yuxunu pozan faktorları minimuma endirməyə çalışmaq vacibdir.

