Aclıq hissini iynə və dərmanlardan istifadə etmədən azaltmağın dörd əsas yolu mövcuddur. Bunlara sürətli həzm olunan karbohidratların məhdudlaşdırılması, rasionda zülalın artırılması, fiziki aktivlik və yuxu rejiminin normallaşdırılması daxildir.
Aclıq hormonu sayılan grelin insulin ifrazına birbaşa təsir göstərir. Aclıq hissi gücləndikcə insulin də artır. Orqanizm bu yolla beyinə daha tez karbohidrat ötürməyə çalışır. Nəticədə qanda şəkərin səviyyəsi sürətlə düşür, insan özünü əsəbi və halsız hiss edir, əllərdə titrəmə, soyuq tər müşahidə olunur və şirniyyat yemək istəyi yaranır.
Məhz bu anda şirniyyat yemək olmaz. Çünki şirindən sonra şəkər sürətlə yüksəlir, mədəaltı vəzi daha çox insulin ifraz edir və aclıq yeni mərhələyə keçir. Bu cür “şirin yelləncəklər” insulin və grelin balansını pozur. İnsan kifayət qədər kalori qəbul etsə belə, toxluq hiss etmir. Yeməyi sürətli karbohidratlarla bitirdikdə isə qısa müddət sonra yenidən aclıq yaranır. Daha yaxşısı mürəkkəb karbohidratlara üstünlük verməkdir — bu, qapalı dairəni qırmağa kömək edir, — deyə həkim bildirib.
İkinci üsul rasionda zülalın artırılmasıdır. Zülal orqanizmə real toxluq hissi verir və aclıq hormonunun səviyyəsini aşağı salır.
Üçüncü üsul idmandır. Fiziki yüklənmələr düzgün seçilərsə, məşqdən sonra aclıq hissi yaranmır. Effektiv fiziki aktivlik insulinə həssaslığı artırır, insulin nə qədər azdırsa, aclıq da bir o qədər zəif olur. Yeganə ümumi tövsiyə orqanizmi hipoqlikemiyaya salmamaqdır. Bu vəziyyət qanda qlükozanın kəskin düşməsi ilə müşayiət olunur və zəiflik, başgicəllənmə, soyuq tər kimi əlamətlərlə özünü göstərir. Belə halda sürətli karbohidratlara deyil, alma və ya az miqdarda tünd şokolada üstünlük vermək məsləhətdir.
Dördüncü və sonuncu üsul keyfiyyətli yuxudur. Yuxu aclıq və toxluq hissini tənzimləyən leptin və grelin hormonları ilə birbaşa əlaqəlidir. Yuxu çatışmazlığı bu hormonların ifrazında pozuntu yaradır və iştahanı artırır.

