Havanın çirklənməsi qidalanma və fiziki aktivlik dəyişməsə belə, piy yığılmasına və əzələ kütləsinin azalmasına səbəb ola bilər.
Bu nəticəyə Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri gəliblər.
Araşdırmanın nəticələri “Diabetes Care” jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində yaşı 55–75 arasında olan, artıq çəkidən və metabolik sindromdan əziyyət çəkən 1454 nəfərin məlumatları analiz edilib.
İştirakçılar arasında Barselona sakinləri də olub və ən yüksək hava çirkliliyi məhz burada qeydə alınıb.
Alimlər PM2.5 hissəcikləri, azot dioksidi və dizel mühərriklərindən yaranan hisin təsirini araşdırıblar.
Nəticələr göstərib ki, çirkli havada yaşayan insanlarda zamanla bədəndə yağ faizi artır, əzələ kütləsi isə azalır.
Ən güclü əlaqə his hissəcikləri ilə müşahidə olunub.

Belə ki, ən çirkli bölgələrdə yaşayan insanlar üç il ərzində təxminən bir kiloqram əzələ kütləsi itiriblər.
Araşdırma həmçinin hava çirklənməsi ilə daxili orqanların ətrafında toplanan visseral yağ arasında əlaqəni ilk dəfə ortaya qoyub.
Mütəxəssislərin sözlərinə görə, çirkləndirici hissəciklər qan dövranına daxil olaraq xroniki iltihab yarada və maddələr mübadiləsinə təsir göstərə bilər.
Bununla belə, alimlər vurğulayıblar ki, araşdırma yalnız əlaqəni göstərir və birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir.

