Kofein yalnız insanı gümrah saxlamaqla kifayətlənmir, həm də yuxusuzluqdan sonra beyində pozulan bəzi neyron əlaqələrinin bərpasına kömək edə bilər.
Sinqapur Milli Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, kofein beyində yaddaş və tanıma proseslərinə cavabdeh olan neyron əlaqələrinin fəaliyyətini dəstəkləyə bilər. Bu nəticə siçanlar üzərində aparılan eksperiment zamanı əldə olunub.
Araşdırma zamanı alimlər gəmiricilər üçün yuxusuzluq şəraiti yaradıblar. Beş saat ərzində siçanların yatmasına imkan verilməyib, daha sonra isə onlara kofein əlavə edilmiş su verilib.
Tədqiqatçılar əsas diqqəti beynin yaddaş və tanıma funksiyalarına cavabdeh olan hissələrinə yönəldiblər. Xüsusilə sinaptik plastiklik, yəni neyronlar arasındakı əlaqələrin gücünü dəyişmək qabiliyyəti, molekulyar siqnal ötürülməsi və sosial yaddaş araşdırılıb.
Sosial yaddaş insan və heyvanlara tanış və yad fərdləri ayırd etməyə kömək edir. Bu prosesdə beynin limbik sisteminə aid olan hipokamp mühüm rol oynayır.
Araşdırma göstərib ki, yuxusuzluq zamanı hipokampdakı bəzi neyronların işi pozulur. Nəticədə siçanlar tanış və yad fərdləri ayırd etməkdə çətinlik çəkiblər.
Kofein isə yuxusuzluqdan sonra yaranan bu pozuntuları qismən yumşaldıb. Alimlərin fikrincə, kofein neyronlar arasında siqnal ötürülməsini yaxşılaşdıraraq yaddaş funksiyalarının bərpasına kömək edə bilər.

Araşdırmanı şərh edən endokrinoloq Zuxra Pavlova bildirib ki, kofein tam yuxunu əvəz edə bilməz. Lakin o, yuxusuzluqdan sonra pozulan neyron əlaqələrini müvəqqəti dəstəkləyə və beynin daha aydın işləməsinə kömək edə bilər.
Həkimin sözlərinə görə, insanların qəhvə içdikdən sonra özünü daha ayıq hiss etməsi çox vaxt kofeinin hipokamp bölgəsində neyronlar arasında siqnal ötürülməsini bərpa etməsi ilə bağlı ola bilər.
Bununla belə, mütəxəssislər kofeindən həddindən artıq istifadə etməməyi tövsiyə edirlər. Çünki axşam saatlarında qəbul edilən kofein yuxunu poza, əsəbilik və ürək döyüntüsünü artıra bilər.

