Qanda şəkərin yüksək olması və arterial təzyiqin artması yaddaş mərkəzlərinin fəaliyyətini pisləşdirir və beyindəki kapilyarları zədələyir. Bu barədə həkim-terapevt Yelena Pavlova bildirib.
Onun sözlərinə görə, gündə 6 saatdan az yuxu beynin Alzheimer xəstəliyi ilə əlaqəli zülallardan “təmizlənməsi” prosesini bloklaya bilər.
Yaddaş birbaşa beynin sağlamlığı ilə bağlıdır və yorğunluq, yuxusuzluq nəticəsində zəifləyə bilər. Normal şəraitdə yuxu zamanı Alzheimerlə əlaqəli beta-amiloid zülalları beyindən təmizlənir. Lakin xroniki yuxusuzluq zamanı bu proses dayanır, çünki məlumat hipokampdan beyinin qabığına uzunmüddətli yaddaş üçün ötürülə bilmir.

Həkim qeyd edib ki, qanda yüksək şəkər və təzyiq məhz yaddaş mərkəzlərinin yerləşdiyi sahələrdə kapilyarları zədələyir.
Bundan əlavə, II tip şəkərli diabet orqanizmin qocalmasını 10 ilə qədər sürətləndirə bilər. Uzun müddət yüksək olan kortizol hormonu isə hipokampda neyronların strukturunu zəiflədir və beyini “sağ qalma rejiminə” keçirir, nəticədə insan daha çox unutqanlıq yaşayır.

